Vərəsəlik hüququ

Наследство в Азербайджане

   Hər bir vətəndaşın öz vərəsələrini müstəqil müəyyən etmək və ölümündən sonra əmlakını qohumluq dərəcəsindən asılı olmayaraq istənilən şəxsə və ya təşkilata vermək hüququ vardır.
   Vərəsəliyin əldə edilməsi prosesinin necə getdiyinə gəlincə, yəqin ki, böyük bir kabinet təsəvvür edirsiniz ki, orada mərkəzdə notarius oturur, mərhumun son vəsiyyətinin yazıldığı vərəqi açır, onun ətrafında isə ölmüş şəxsin kədərli qohumları və dostları əyləşir.
    Hər şey tam olaraq elə deyil, hətta tamamilə fərqli bir şəkildə baş verir. Gəlin hər şeyi ətraflı təhlil edək.
    İlk öncə vərəsəlik nədir və onun hansı növləri vardır?

Vərəsəlik nədir və
vərəsəliyin hansı növləri vardır?

    Vərəsəlik – ölmüş şəxsin əmlakı başqa şəxslərə keçirməsi prosesi deməkdir. Gördüyünüz kimi, vərəsəlik hüququ miras qoyanın faktiki ölümündən və ya məhkəmə tərəfindən ölmüş hesab olunması anından yaranır.
    Miras qoyanın əmlakı onun vərəsələrinə qanun və ya vəsiyyət üzrə keçə bilər (və ya hər iki əsasla). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Azərbaycanda qanun üzrə vərəsəlik

     Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
   1. Birinci növbədə – ölənin uşaqları, arvad (ər), valideynlər.
   2. İkinci növbədə – ölənin bacıları və qardaşları. (miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın).
   3. Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. (nənənin anası və

atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın).
   4. Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.
   5. Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
   Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Наследство в Азербайджане Inheritance in Azerbaijan

Azərbaycanda vəsiyyətnamə üzrə vərəsəlik

    Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyətnamə əsasında qoya bilər. Vəsiyyət edən vəsiyyətnamə üzrə təyin edilmiş vərəsələrin paylarını müəyyən edə, yaxud hansı əmlakın hansı vərəsəyə keçəcəyini göstərə bilər. Əgər vəsiyyətnamədə belə bir qeyd yoxdursa, miras vərəsələr arasında bərabər şəkildə bölünür.

    Maraqlı və vacib məqamlar: Vəsiyyətnamə vəsiyyət edən şəxs tərəfindən şəxsən tərtib edilməlidir. Nümayəndə vasitəsilə vəsiyyətnamənin tərtib edilməsinə yol verilmir, lakin etibarnamə üzrə mirasın qəbul edilməsi mümkündür (Mülki Məcəlləsinin 1245-ci maddəsi). Bununla yanaşı, vəsiyyətnamə həm şahidlərin iştirakı ilə notariat qaydasında (Mülki Məcəlləsinin 1184-cü maddəsi), həm də evdə əl ilə (vəsiyyətnamənin tarixi göstərilməklə) tərtib edilə bilər.
     Bəs əgər adam ölübsə, onun mirası barədə məlumatı necə əldə etmək olar? Bu kifayət qədər sadədir! Bunun üçün notariat orqanına müraciət etmək lazımdır. Müraciət edəndə şəxsiyyət vəsiqəniz (və ya pasportunuz), miras qoyanın ölüm haqqında şəhadətnaməsi (və ya qeydiyyat şöbəsindən müvafiq çıxarış) və sizinlə vəsiyyət edənlə qohumluq əlaqəsini təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim edilməsi zərurət yaranır.
     Hər bir notariusun bütün vəsiyyətnamələr haqqında məlumatları özündə əks etdirən informasiya sisteminə çıxışı var. Beləliklə, vəsiyyətnaməni axtarmaq üçün hər hansı bir notariat kontoruna müraciət edə bilərsiniz, ancaq vəsiyyət edənin son yaşayış yeri üzrə ərazi notariat kontoruna müraciət etmək tövsiyyə olunur.

    Maraqlı və vacib məqamlarNotariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (Mülki Məcəlləsinin 1318-cü maddəsi). Notariat orqanı vərəsələrə ölmüş şəxsin əmlakın tapılmasında da köməklik göstərə bilər, lakin bu, notariat orqanının birbaşa öhdəliyi deyil. Vərəsə özü vəfat etmiş vəsiyyət edənin əmlakının axtarışı üçün lazımi tədbirlər görməlidir və vərəsənin mərhumun əmlakına dair hər hansı ehtimalı varsa, o, bu barədə notariusa məlumat verə bilər ki, o, dövlət orqanlarına lazımi sorğular göndərsin; banklar, şirkətlər və s.
     Vərəsə özü vəfat etmiş vəsiyyət edənin əmlakının axtarışı üçün lazımi tədbirlər görməlidir. Vərəsənin ölmüş şəxsin əmlakının yerinə dair hər hansı ehtimalı varsa, o, bu barədə notariusa məlumat verə bilər ki, notarius lazımi sorğular dövlət orqanlarına, banklara, şirkətlərə göndərsin.

Azərbaycanda mirasın qəbul edilməsi

Mirasın açıldığı yer və vaxt

   Mirasın açıldığı vaxtı və yeri kimi mühüm məqamlara diqqət yetirmək lazımdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
   Miras qoyanın öldüyü gün və ya onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
   
Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
   Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırış barədə bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbul edilməsinə yol verilmir.

Mirası qəbul etmək üçün nə lazımdır?

      Azərbaycan ərazisində yerləşən əmlakı vərəsəlik qaydasında qəbul edilməsi (miras açılması) məqsədilə aşağıda göstərilən sənədləri şəxsən və ya nümayəndə vasitəsilə müvafiq notariat orqanına təqdim etmək lazımdır:  
    – Miras qoyanın ölümü haqqında şəhadətnaməsi;
    – Miras qoyanın sonuncu qeydiyyat ünvanı barədə arayış (yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd);
    – Miras qoyanın doğum haqqında şəhadətnaməsi;
    – Miras qoyanın vəfat etmiş valideynlərin ölüm haqqında şəhadətnaməsi (əgər varsa);

    – Miras qoyanın nikah haqqında şəhadətnaməsi;
    – Miras qoyanın övladlarının doğum haqqında şəhadətnaməsi;
    – Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
    – Miras əmlakın sənədi “Qeydiyyat vəsiqəsi” olduğu halda Forma №1 arayışı (Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilir);
    – Şəxsiyyət vəsiqələri;
    – Vərəsələrin miras əmlakdakı payın qəbuluna dair və ya imtina ərizəsi.
    Bu prosedur başa çatdıqdan sonra notarius qanunla müəyyən edilmiş formada vərəsəlik hüququ haqqında şəhadətnaməsini təqdim edir. Ümumi olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mirasın açıldığı tarixdən 6 ay sonra verilə bilər.
    Eyni anda, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Mirasda payların müəyyən edilməsi və məcburi pay

    Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını da müəyyənləşdirə bilər. 
    Birincisi, miras vəsiyyətnamə və ya qanun əsasında vərəsələr arasında bölüşdürülür. Bundan sonra vərəsələr onu qarşılıqlı razılaşma öz istəkləri ilə bölə bilərlər.
     Məcburi pay qanun üzrə vərəsəlik zamanı vərəsələrə çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Burada vərəsələr deyəndə vəsiyyət 

edənin uşaqları, valideynləri və arvadı (əri) nəzərdə tutulur. 
     Digər vərəsələr məcburi payı tələb etmək hüququna malik olan şəxs qarşısında birgə borclu kimi çıxış edirlər.

Vərəsə kim ola bilməz?

    1. Ləyaqətsiz vərəsə – nə qanun, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.  
    2. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
    3. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 
    4. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı 3 il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

EMZE sizə necə kömək edə bilər?

     Hüquqşünas olaraq, müştəri və etibar edən şəxslərə vərəsəlik hüquqların qəbul olunması, daha sonra əmlak hüquqların rəsmiləşdirilməsi, habelə hüquq və mənafelərinin dövlət orqanlarında təmsili üzrə yardım göstərirəm.
     Vərəsəlik üzrə bütün xidmətlərim ilə “Xidmətlər” bölümünə keçərək tanış ola bilərsiniz.
     Vərəsəlik üzrə hüquqşünas axtarışındasınız? İndi hər şey daha asandır. Sadəcə Emilə Zəng Elə!

Picture of Emil Xudiyev
Emil Xudiyev

Hüquqşünas. EMZE Law & Consulting şirkətinin təsisçisi.

Bütün məqalələr

#huquq #vekil #vereselik huququ #vereselik #vereselik sehadetnamesi 

Vərəsəlik üzrə peşəkar hüquqşünas axtarırsınız?

Emilə Zəng Elə!

VƏ YA

İlkin konsultasiyaya yazıl!

Yardım üçün müraciət et!

1 thought on “Vərəsəlik hüququ”

  1. Salam mənim Atam avtomobil qəzasında rəhmətə gedib,vasif isə anamdı artıq 5 ildi maşını anamın adına keçirməyə imkanımız çatmır,bilmək istəyirik həm dövlət rüsumu nə qədərdi həmdə necə keçirə bilərik zəhmət olmasa yol göstərəsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

State-of-the-art AI lawyer ready to answer any questions and book a consultation. Try it now